Azərbaycanın müdafiə naziri İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə müzakirələr aparıb
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək, xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimi zamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.
Briqada generalı Ə.Nəsirzadə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.