AZƏRBAYCANIN NATO İLƏ ƏLAQƏLƏRİNƏ DAİR DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Tədbirdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Fuad Muradov, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Rauf Əliyev, mətbuat klubunun rəhbəri Emin Həsənli və başqaları Azərbaycan-NATO əlaqələrinin tarixindən, əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, bu əlaqələrin təməli ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş və alyansın “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakını bəyan edən ilk 27 Avropa dövlətindən biri Azərbaycan olmuşdur. NATO ilə münasibətlər, ilk növbədə, Azərbaycanın öz müstəqilliyini qorumasının zəmanətlərindən biridir və ölkəmiz buna böyük əhəmiyyət verir. Natiqlər alyansla əlaqələrin genişləndirilməsinin Silahlı Qüvvələrimizin inkişaf planında əsas istiqamətlərdən olduğunu, hərbçilərimizin Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı qüvvələrin tərkibində uğurlu iştirakını vurğulamışlar.
2005-ci ildə 500-dən artıq zabitimizin NATO-nun 140 müxtəlif tədbirində iştirak etdiyi, ölkəmizlə qurum arasında 2004-cü ildə təsdiqlənmiş Fərdi tərəfdaşlığın fəaliyyət planının əlaqələrimizin inkişafında yeni mərhələ olduğu və əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirilmişdir.