AZƏRBAYCANIN NATO İLƏ ƏMƏKDAŞLIĞI STRATEJİ XARAKTER DAŞIYIR
Bu fikri Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev fevralın 7-də NATO Baş Katibinin təhlükəsizlik və tərəfdaşlıq sahəsində əməkdaşlıq üzrə yardımçısının müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsla görüşündə söyləmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik Səfər Əbiyev qonağı salamlayaraq demişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropanın təhlükəsizlik strukturları və NATO ilə əməkdaşlığı strateji xarakter daşıyır. Prezident İlham Əliyev 2004-cü ilin mayında NATO ilə Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını NATO-nun Baş Katibinə təqdim etmişdir və bizim ölkə planın bütün müddəalarını tam yerinə yetirmək əzmindədir.
Sonra general-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyətin mürəkkəb olduğunu bildirərək işğalçı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzünün nəticələri barədə məlumat vermiş və bildirmişdir ki, bu yaxınlarda Avropa Şurasının Parlament Assambleyasının qəbul etdiyi qətnamədə Ermənistan işğalçı dövlət, Dağlıq Qarabağdakı qüvvələr isə separatçı adlandırılmışdır.
Ermənistan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına daxil olarkən tərəfdaş dövlətlərin ərazi bütövlüyünü tanımaq haqqında öhdəlik götürmüş, onu bu günə kimi yerinə yetirmir və Azərbaycanın ərazi bütövlüyünü tanımır. Hesab edirik ki, NATO-nun müvafiq strukturlarının bunu Ermənistandan tələb etmək vaxtı çatmışdır.
Müdafiə naziri İstanbul Sammitində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəliyinin yaradıldığını xatırladaraq burada NATO Baş katibinin xüsusi nümayəndəsi təyin edilməsi münasibətilə Robert Simmonsu təbrik etmiş, ona uğurlar arzulamış və demişdir ki, bundan sonra sizin köməyinizlə Azərbaycanın NATO-ya daha sıx inteqrasiya edəcəyinə inanırıq.
Azərbaycana səfərindən məmnun olduğunu söyləyən qonaq bildirmişdir ki, İstanbul Sammitində qəbul edilən qərar NATO-ya Qafqazda və Mərkəzi Asiyada geniş əməkdaşlıq üçün yeni şərait yaratmışdır.
Robert Simmons sonra NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Romualdas Razuksu müdafiə nazirinə təqdim etmişdir. O, bundan sonra Azərbaycan-NATO əlaqələrinin Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində dərinləşəcəyinə, Azərbaycanın NATO-nun üzvü olan digər dövlətlərlə əlaqələri genişləndirməyə və təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsinə kömək edəcəyini bildirmişdir.
Qonaq Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuş, NATO-nun bu məsələnin dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini söyləmişdir.
Azərbaycanın NATO-ya inteqrasiyasını davam etdirəcəyini vurğulayan general-polkovnik Səfər Əbiyev qeyd etmişdir ki, Azərbaycan torpaqlarının işğal altında qalması vəziyyəti mürəkkəbləşdirir. Ermənistan Azərbaycan torpaqlarını boşaltmayınca, onunla əməkdaşlıq haqqında danışmaq mümkün deyil. Azərbaycan daha çox gözləyə bilməz. Bu vəziyyət davam etsə, bizim dövlət öz torpaqlarını güclə azad etmək yolunu seçəcəkdir... Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının müddəalarını daha da məqsədyönlü yerinə yetirərdi.
Müdafiə naziri fikrini yekunlaşdıraraq söyləmişdir ki, NATO-nun Cənubi Qafqaz regionunda nümayəndəliyinin fəaliyyət göstərməsi NATO ilə əməkdaşlığımızı asanlaşdıracaqdır.
Sonda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.