AZƏRBAYCANIN NEFT GƏLİRLƏRİNDƏN POTENSİAL İSTİFADƏ EDİLMƏSİNƏ DAİR BMT İNKİŞAF PROQRAMI İLƏ LAYİHƏ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 1-də İqtisadi İnkişaf Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Qara qızılın insan qızılına çevrilməsində Azərbaycan neft gəlirlərindən potensial istifadə olunması” layihəsinin imzalanma mərasimi olmuşdur.
İqtisadi İnkişaf naziri Fərhad Əliyev layihə haqqında məlumat vermişdir. O bildirmişdir ki, sənədə neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmasına dair makroiqtisadi məsləhətlərin verilməsi, bir sərvətdən asılı olub keçid dövrü yaşayan ölkələrin problemləri ilə üzləşməmək məqsədi ilə müvafiq Azərbaycan modelinin işlənib hazırlanması, Azərbaycan vətəndaşlarını xarici ali məktəblərə göndərməklə, habelə ölkədə beynəlxalq təcrübəni tətbiq etməklə qeyri-neft bölməsi üçün insan resurslarının inkişaf etdirilməsi imkanlarının araşdırılması, bu bölmədə məşğulluğu əhəmiyyətli dərəcədə artırmaq üçün müvafiq şəraitin yaradılmasına dair tövsiyələrin verilməsi və sair komponentlər daxildir. Layihənin müddəti bir il, dəyəri isə 361,2 min ABŞ dollarıdır.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti demişdir ki, Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malik ölkədir. Lakin onun ən böyük sərvəti insanlardır. Ona görə də bütün sərmayə bu insana, onun rifahının yüksəlməsinə yönəlməlidir. Avropaya inteqrasiya edən Azərbaycan öz iqtisadiyyatını, öz vətəndaşlarını da qlobal inteqrasiyaya hazırlamalıdır. Bu gün imzalanacaq layihə məhz həmin məqsədə xidmət edir. Qlobal məqsəd, əlbəttə, yoxsulluğun azaldılmasıdır. BMT Minilliyin İnkişaf Məqsədləri bəyannaməsində bu, üstün məsələ elan olunmuşdur. Problemin həllində real nəticəyə nail olmaq üçün BMT-nin Baş katibi Kofi Annan dünya dövlətlərinin prezidentləri ilə həmin problemi geniş müzakirə etmək üçün qlobal sammit keçirəcəkdir. Əminəm ki, cənab İlham Əliyev bu sammitdə iştirak edəcəkdir. Azərbaycan adı çəkilən bəyannamədə irəli sürülən vəzifələri yerinə yetirməyə qadir ölkədir.
Sonra Fərhad Əliyev və Marko Borsotti Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya”ya uyğun hazırlanmış layihəni imzalamışlar.
Məlumat verilmişdir ki, layihə üzrə BMT-nin İnkişaf Proqramı, İqtisadi İnkişaf, Maliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Milli Bank, Dövlət Neft Fondu və digər təşkilatların, neft şirkətlərinin nümayəndələrindən ibarət Məşvərət Şurası yaradılacaqdır. Rübdə bir dəfə toplaşacaq Şuraya BMT-nin İnkişaf Proqramı və İqtisadi İnkişaf Nazirliyi həmsədrlik edəcəklər.