Azərbaycanın Niderland Krallığındakı səfiri bu ölkənin millət vəkilləri ilə görüşüb
Haaqa, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundov bu ölkənin parlamentinin millət vəkili, “Denk” partiyasının üzvü Tunahan Kuzu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir F. Axundov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına, eləcə də beynəlxalq hüququn təşviqinə, dünyada sülh və ədalət uğrunda mübarizəyə verdiyi dəstəyə görə “Denk” partiyasının sədri Farid Azarkan, Niderland Parlamentinin Xarici Əlaqələr Komitəsinin “Denk” partiyasından olan üzvü Tunahan Kuzu və bu partiyadan olan millət vəkili Selçuk Öztürkə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnamələrini təqdim edib.
Görüş çərçivəsində F. Axundov 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra regionda yaranmış geosiyasi vəziyyətlə bağlı niderlandlı millət vəkillərinə ətraflı məlumat verib. Ölkəmizin azad edilmiş ərazilərində geniş bərpa və quruculuq işlərinin başlanmasından, bu ərazilərdə salınacaq ekoloji cəhətdən təmiz, ağıllı şəhər və kəndlərdən söz açıb. Bu istiqamətdə nəzərdə tutulan layihələrdən danışıb. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə dəstək vermiş dövlətlərin şirkətlərinin azad edilmiş ərazilərimizdəki layihələrə cəlb edildiyini bildirib.
Niderlandlı millət vəkilləri, “Denk” partiyasının sədri Farid Azarkan bir neçə həmkarları ilə birlikdə cari ilin oktyabr ayında Azərbaycana səfər etmək, Bakını, eləcə də Azərbaycanın azad edilmiş ərazilərini görmək niyyətində olduqlarını bildiriblər. Azərbaycan səfirinin verdiyi məlumatları maraqla dinləyiblər.
F. Axundov qarşıdan gələn parlament seçkilərində “Denk” partiyasına uğurlar arzu edib.
T. Kuzu təşəkkürnamələrə, eləcə də onlara göstərilən etimada görə təşəkkür edərək, iki ölkə parlamentləri arasında əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa