AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA
Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.
Əsrlər boyu dünya dinləri Azərbaycanda qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərərək insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mühitinin formalaşmasında böyük rol oynamışdır.
Müasir mərhələdə milli azlıqların dil və mədəniyyətinin inkişafı, etnik-mədəni müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması Azərbaycan hökumətinin xüsusi diqqət və qayğıyla yanaşdığı məsələlərdəndir. Müstəqil Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənmiş, vicdan azadlığının maneəsiz həyata keçirilməsi üçün lazımi siyasi-mənəvi şərait təmin olunmuşdur. Bu gün ölkənin dindar təbəqəsi, o cümlədən xristian icması öz dini etiqad və inanclarını, adət-ənənələrini, bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, respublikanın ictimai-siyasi, mədəni-mənəvi həyatında və vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər.
Hər il Azərbaycanda təntənə ilə keçirilən Pasxa bayramı xeyirxahlığın, mərhəmət və şəfqət duyğularının ifadəsidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2007-ci il.