AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİANLARINA
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və bayram əhval-ruhiyyəsi arzulayıram.
Yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanı verən Pasxa bayramı xristian aləmi tərəfindən həmişə böyük sevinclə qarşılanmışdır. Bütün dini bayramlar kimi, bu bayram da sülhə, əmin-amanlığa çağıran və mərhəmət duyğusu oyadan ruhu ilə əsrlər boyu insanlar arasında səmimiyyət və mehribanlığı artırmış, dostluq, qardaşlıq və həmrəyliyin rəmzinə çevrilmişdir.
Səmavi dinlərin dinc və birgəyaşayış məkanı olmuş Azərbaycanda tarixən müxtəlif dini icmalar arasında həmişə mehriban dostluq münasibətləri hakim olmuş, dini zəmində heç bir problem mövcud olmamışdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Pasxa bayramının da pravoslav vətəndaşlarımız tərəfindən geniş şəkildə qeyd edilməsi ölkəmizdə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, uzun əsrlər boyu bir yerdə yaşayan xalqlar arasındakı dini dözümlülüyün parlaq təzahürüdür.
Azərbaycanda yaşayan bütün xalqların dini-mənəvi dəyərlərinə qarşılıqlı ehtiramla yanaşılması nəticəsində burada hökm sürən tolerantlıq və konfessiyaların azad fəaliyyəti üçün yaradılmış imkanlar təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla həyata keçirilən dövlət-din münasibətləri konsepsiyasının doğruluğu və həyatiliyini göstərir.
İnanıram ki, müstəqil Azərbaycanın daha güclü olması naminə ölkəmiz qarşısında dayanan başlıca vəzifələrin həllində, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin tam bərqərar olması işində siz – xristian həmvətənlərimiz bundan sonra da öz qüvvələrinizi səfərbər edəcəksiniz. Bu yaz günlərində bütün saf niyyətlərinizin yerinə yetməsini arzu edir, hər birinizin ailəsinə firavanlıq, dinc həyat və mənəvi rahatlıq diləyirəm.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2004-cü il.