AZƏRBAYCANIN QAPILARI XARİCİ İŞ ADAMLARININ ÜZÜNƏ AÇIQDIR
Noyabrın 18-də Vyanada “Azərbaycana sərmayə qoyuluşu və əməkdaşlıq imkanları” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Avstriya, Çexiya, Macarıstan, Slaveniya, Slovakiya və Xorvatiyadan 160-dan çox, o cümlədən Azərbaycandan 40-dan artıq iş adamı iştirak etmişdir. Azərbaycan nümayəndə heyətinə iqtisadi inkişaf naziri Fərhad Əliyev başçılıq etmişdir.
Ölkəmizin Vyanadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents açaraq beynəlxalq konfransda geniş tərkibdə nümayəndə heyəti ilə iştirakın Azərbaycana xarici sərmayələrin cəlb olunmasında mühüm rol oynadığını bildirmişdir.
Sonra iqtisadi inkişaf naziri F.Əliyev “Azərbaycan: iqtisadi əməkdaşlıq üçün imkanlar və perspektivlər. Azərbaycanda xarici sərmayələr üçün şərait” mövzusunda çıxış etmişdir. O, Azərbaycan Prezidenti Heydər Əliyevin bilavasitə rəhbərliyi altında ölkəmizdə xarici iş adamlarının fəaliyyətinə tam əlverişli şəraiti yaradıldığını, bunun üçün lazımi fərmanların verildiyini iştirakçıların nəzərinə çatdırmışdır. Nazir xarici iş adamlarını çəkinmədən Azərbaycana sərmayə qoymağa çağırmışdır.
Sonra Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov “Azərbaycan: regional və beynəlxalq dəhlizlər qovşağı” mövzusunda çıxış etmişdir. O, beynəlxalq yükdaşımaları üçün Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqedən, ölkəmizin ərazisindən avtomobil və dəmir yolları vasitəsilə sərnişinlərin və yüklərin daşınması sahəsində görülən işlərdən danışmışdır.
Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, “Qaradağ Sement” ASC-nin, “AZEL” şirkətinin, “Raiffeisen Zentralbank Osterreiçh AG” bankının, “Kap” və “İmprotex” şirkətlərinin nümayəndələri də çıxış edərək Azərbaycanda iş görmək üçün yaradılmış əlverişli şəraitdən danışmış və dinləyicilərin suallarını cavablandırmışlar.
Tədbir zamanı Azərbaycanda istehsal olunan məhsulların sərgisi keçirilmişdir. Tədbirdən sonra Azərbaycan və xarici iş adamları biznes əlaqələrinin qurulması məqsədi ilə işçi qruplarda görüşlər keçirmişlər.
Həmin gün Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Avstriya iqtisadi münasibətlərinin gələcək inkişaf yolları müzakirə olunmuşdur. BMT-nin Sənaye və İnkişaf Təşkilatının (UNİDO) baş direktoru Karlos Maqarinios ilə keçirilmiş görüşdə isə bu beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdur.
Nəqliyyat naziri Z.Məmmədovun Avstriya iqtisadiyyat və əmək nazirliyinin xarici iqtisadi əlaqələr üzrə baş direktoru, Azərbaycan-Avstriya birgə komissiyasının həmsədri Yohan Zaks ilə görüşündə də iki dövlət arasında inkişaf etməkdə olan iqtisadi-ticarət münasibətlər və hələ istifadə olunmamış imkanlardan yararlanmaq yolları müzakirə olunmuşdur. Görüşün sonunda Avstriya Dəmir Yolları ixrac sektorunun “Austria rail engineering” şirkəti ilə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.