AZƏRBAYCANIN VƏ KANADANIN MİLLİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Kanadanın xüsusi xidmət orqanlarının nümayəndəsinin Azərbaycana ilk səfərini ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın qurulması istiqamətində atılan önəmli addım olduğunu bildirən nazir Eldar Mahmudov, qonağa regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhdidlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə danışmışdır. Nazir beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinin artmasının bütün dünyada ciddi narahatlıq doğurduğunu qeyd etmiş, bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyində yeni təhdidlərə qarşı həyata keçirilən adekvat tədbirlər və onların konkret nəticələri barədə məlumat vermişdir.
Göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkür edən Cek Huper, respublikamıza səfərindən xoş təəssürat aldığını, Azərbaycanın və Kanadanın təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını qeyd etmiş və bu səfərin ölkəmizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılmış, ölkələrimizin milli təhlükəsizliyinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.