CƏMİYYƏT
Azərbaycanın və Türkiyənin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Baş prokuror Kamran Əliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə K.Əliyev Azərbaycan ilə Türkiyə arasında ənənəvi dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlıqdan danışıb.
K.Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə ifadə edildiyini, qardaş ölkələrimizin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi qeyd edib.
Baş prokuror dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq, cinayətkarlıqla mübarizədə, xüsusən də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, habelə Türkiyənin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulamaqla prokurorluq əməkdaşlarının ümumi peşə hazırlığının artırılması və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə dövlətinin müvafiq qurumları və təhsil müəssisələri ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verildiyini vurğulayıb.
Səfir Erkan Özoral ikitərəfli münasibətlərə toxunaraq Türkiyənin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb. Diplomat dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi, xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılarkən səfir Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdıqlarını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləyərək və daim Azərbaycan dövlətini dəstəklədiklərini bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.