Azərbaycanın və Türkiyənin idman mətbuatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da İstanbulda Azərbaycanın və Türkiyənin idman mətbuatı arasında əməkdaşlıq məsələlərinə həsr edilmiş görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə İdman Yazarları Dərnəyinin (TSYD) baş ofisində keçirilən görüşdə Azərbaycanın “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyev, Türkiyə İdman Jurnalistləri Təşkilatının prezidenti Oğuz Tongşir və qardaş ölkənin tanınmış idman jurnalisti, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) Avropa regionu üzrə icraiyyə komitəsinin üzvü və xəzinədarı Murad Ağça iştirak ediblər.
Görüşdə, həmçinin iki ölkənin idman jurnalistləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Qabil Mehdiyev TSYD-nin nəzdində yeni yaradılmış idman jurnalistləri muzeyi ilə tanış olub, həmçinin qurumun idman kompleksində mövcud şəraitlə maraqlanıb.
Q.Mehdiyev Azərbaycanın idman jurnalistlərinin adından IV İslam Həmrəyliyi Oyunlarının xatirə medallarını qardaş ölkənin idman yazarlarına təqdim edib.
Xatırladaq ki, növbəti - V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək.