AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİNİN 115-Cİ SESSİYASINDA İŞTİRAK ETMİŞDİR
Səfərin ilk günü Avropa Şurasının baş katibi T.Devis, Avropa Şurası Parlament Assambleyasının baş katibi B.Haller və AŞPA Katibliyinin baş direktoru M.Sorinas ilə görüşlər olmuşdur.
T.Devislə görüşdə Azərbaycanda keçirilmiş parlament seçkiləri, bundan sonrakı mərhələdə Avropa Şurasının Azərbaycan ilə əməkdaşlıq layihə və proqramları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları, habelə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Avropa Şurasının rəhbərliyi, xüsusilə təşkilatın Avropa İttifaqının “Qonşuluq siyasəti” çərçivəsində Azərbaycan üzrə fəaliyyət planının həyata keçirilməsinə töhfə verməyə hazır olduğunu vurğulamışdır.
AŞPA-nın baş katibi B.Haller və bu qurumun Katibliyinin baş direktoru M.Sorinas ilə görüşdə əsasən Azərbaycanda keçirilmiş parlament seçkiləri, eləcə də AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilmiş, seçkilər zamanı yol verilmiş pozuntuların aradan qaldırılması sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü tədbirlər yüksək qiymətləndirilmişdir.
X X X
Noyabrın 17-də nazir Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin 115-ci sessiyasında iştirak etmişdir.
Avropa Şurasının insan hüquqlarının müdafiəsi sistemi və demokratiyanın təşviq edilməsi istiqamətində fəaliyyətinin gücləndirilməsi, daha humanist Avropa quruculuğu, Avropa Şurası, Avropa İttifaqı və ATƏT arasında əlaqələrin inkişaf etdirilməsi və sair məsələlərin müzakirə olunduğu sessiyada nazir E.Məmmədyarov çıxış etmiş, Nazirlər Komitəsində sədrliyi başa çatan Portuqaliyanın xarici işlər naziri F.do Amorala son altı ayda qurum qarşısında duran üstün vəzifələrin yerinə yetirilməsinə göstərilmiş səylərə görə təşəkkürünü bildirmiş, sədrliyi qəbul edən Rumıniya xarici işlər naziri M.-R.Unqureanuya yeni vəzifədə uğurlar arzulamışdır.
Nazir E.Məmmədyarov Avropa Şurasının beynəlxalq aləmdə artmaqda olan rolunun təşviq edilməsi ilə bağlı fikirlərini bölüşmüş, ölkəmizdə parlament seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün Azərbaycan hökumətinin gördüyü mühüm tədbirlər barədə məlumat vermiş, Avropa Şurasının Milli Məclisə seçkilərlə bağlı fəaliyyət planını yüksək qiymətləndirmiş, hələ də öz həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini respublikamızın demokratik inkişafı yolunda başlıca maneələrdən biri olduğunu diqqətə çatdırmış, Avropa Şurasını və üzv ölkələri problemin aradan qaldırılması istiqamətində səylərini artırmağa çağırmışdır.
Həmin gün, həmçinin, Avropa Parlamenti-Azərbaycan Əməkdaşlıq Komitəsinin sədri xanım M.İsler-Beguin, eləcə də Avropa Parlamenti və onun siyasi komitələrinin digər üzvləri ilə görüşlər keçirilmiş, Azərbaycanda parlament seçkiləri, “Avropa qonşuluq siyasəti” çərçivəsində Azərbaycan ilə bağlı hazırlanacaq fəaliyyət planı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqları ilə əlaqədar məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Macarıstanın dövlət katibi A.Barsoni, Ukraynanın xarici işlər naziri B.Tarasyuk, Norveçin xarici işlər nazirinin müavini K.Skoqrand, Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə AQO monitorinq qrupunun sədri, Almaniyanın daimi nümayəndəsi R.Vegener ilə keçirilmiş görüşlərdə isə həmin ölkələrlə həm Avropa Şurası çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Nazir E.Məmmədyarov noyabrın 18-də YUNESKO-nun 60 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Strasburqdan Parisə yola düşmüşdür.