AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Hər il dünya ictimaiyyəti, bütün mütərəqqi bəşəriyyət Yəhudi Xalqının Müsibəti və Qəhrəmanlığı Gününü yad edir. İkinci dünya müharibəsi zamanı bütöv bir millətə qarşı soyqırımı siyasəti həyata keçirilmiş, altı milyon mülki əhali, o cümlədən qocalar, qadınlar, uşaqlar yəhudi olduqları üçün faşistlər tərəfindən kütləvi surətdə xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
1943-cü ilin aprelində Varşava gettosu məhbuslarının faşizmə, etnik-dini ayrı-seçkiliyə qarşı ölüm-dirim mübarizəsinə qalxması həm də tarixə yəhudi xalqının öz milli və insani ləyaqəti uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsi kimi daxil olmuşdur.
Yəhudi müsibətinə zamanında düzgün siyasi-hüquqi qiymət verilsə də, təəssüf ki, belə antiinsani aksiyalar bu gün də təkrar olunur. Buna görə də dünyanın bütün mütərəqqi qüvvələri faşizmə, irqçiliyə, milli-dini ayrı-seçkiliyə, terrorizmə, hər cür soyqırım aktına qarşı səfərbər olmalıdır.
1988-ci ildən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yeritdiyi soyqırımı siyasəti, günahsız əhalimizin kütləvi qırğınları, zəbt olunmuş torpaqlarımızda misli görünməyən talanlar, vandalizm dünya ictimaiyyətinin gözləri qarşısında baş verir. On iki il əvvəl xalqımızın tarixinə qanlı səhifə kimi daxil olmuş Xocalı soyqırımı ağlasığmaz erməni vəhşiliklərinin miqyasına görə Kiyevdəki Babi Yarda, Varşava və Krakov gettolarında faşistlərin törətdikləri kütləvi insan qırğınları ilə bir sırada durur. Hansı ölkədə, hansı qitədə baş verməsindən asılı olmayaraq, belə dəhşətli aksiyalar bir xalqın, bir dövlətin milli faciəsi deyil, bütün insanlığa, sivilizasiyaya qarşı törədilmiş ağır cinayətlərdir.
Əziz həmvətənlər!
Bu milli hüzr günündə Azərbaycan xalqı adından böyük kədərinizə şərik olduğumu bildirir, soyqırımı siyasətinin bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 16 aprel 2004-cü il.