RƏSMİ XRONİKA
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Hörmətli həmvətənlər!
İkinci Dunya müharibəsi zamanı yəhudi xalqı misli görünməmiş soyqırımı siyasətinə məruz qalmış, milyonlarla mülki əhali, o cümlədən qocalar, qadınlar, uşaqlar xüsusi amansızlıqla və kütləvi şəkildə məhv edilərək faşizmin qurbanı olmuşdur.
1943-cü ilin aprelində Varşava gettosunda saxlanan yəhudi məhbuslar faşizmə, etnik-dini ayrı-seçkiliyə qarşı üsyana qalxmış, qeyri-bərabər ölüm-dirim mübarizəsində öz milli mənliyi, insani ləyaqəti və şərəfi uğrunda canlarını fəda etmişlər. Tarixdə Yəhudi xalqının müsibəti və qəhrəmanlığı günü kimi əbədiləşən bu hadisə hər il mütərəqqi dünya ictimaiyyəti tərəfindən ehtiramla qeyd edilir, soyqırımı qurbanlarının xatirəsi ürək ağrısı ilə yad olunur.
Son iki əsrdə ermənilərin əli ilə törədilən soyqırımı, deportasiya, etnik təmizləmə kimi dəhşətli faciələri öz taleyində yaşamış Azərbaycan xalqı, harada törədilməsindən asılı olmayaraq, hər cür irqçiliyə, ayrı-seçkiliyə, o cümlədən antisemitizmə qarşı barışmaz mövqedə olmuş, belə milli fəlakətlərə biganə qalmamışdır. Təsadüfi deyildir ki, 270 il bundan əvvəl milli-dini təzyiqlərə və zorakılığa məruz qalanda yəhudi xalqının bir qismi məhz Azərbaycan torpağına pənah gətirmiş və əmin-amanlığa qovuşmuşdur. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarımız Azərbaycanda dostluq və qardaşlıq şəraitində firavan həyat sürür, dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaqla ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
Əziz həmvətənlər!
Yəhudi xalqının milli hüzn günündə bir daha kədərinizə şərik olduğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2007-ci il.