AZƏRBAYCANLA AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI ARASINDA KREDİT VƏ ZƏMANƏT SAZİŞLƏRİ İMZALANMIŞDIR
Baş nazirin birinci müavini Yaqub Eyyubov imzalama mərasimini açaraq, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hələ iyirmi beş il öncə təməli qoyulan və uğurla tikilib istifadəyə verilən ən iri istilik elektrik stansiyasının yenidən qurulması və Azərbaycanın enerji sektorunda islahatlara dəstək üçün AYİB tərəfindən 115 milyon ABŞ dolları məbləğində kredit ayrılmasından, respulikamızda elektrik enerjisi istehsalının artırılmasında bu kreditin oynayacağı mühüm roldan, yenidənqurma və əsaslı təmir işlərindən sonra təxminən 600 meqavat əlavə enerji gücünün ölkə enerji sisteminə daxil olunacağından, bunun da sayəsində Azərbaycanın energetikasında və iqtisadiyyatında elektrik enerjisinin etibarlılığının və keyfiyyətinin daha da yüksələcəyindən danışmışdır. O, bu tədbirlərin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi islahatların, göstərdiyi şəxsi təşəbbüsünün və birbaşa rəhbərliyinin sayəsində mümkün olduğunu vurğulamışdır.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, maliyyə naziri Samir Şərifov və AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Reymond Konvey çıxış edərək, bu layihənin Azərbaycan üçün prioritet hesab olunduğunu və məhz elə buna görə də üzərində uzun müddət iş aparıldığını, kreditin ölkəmizə sərfəli şərtlərlə başa gəldiyini, layihə həyata keçiriləndən sonra İES-də ildə 800 min ton mazuta qənaət ediləcəyini, nəticədə bölgədə ekoloji vəziyyətin daha da yaxşılaşacağını, ölkənin enerji təhlükəsizliyinin təminatında layihənin mühüm rolu olacağını nəzərə çarpdırmışlar. Qeyd olunmuşdur ki, energetika sahəsində həyata keçirilən tikinti və yenidənqurma işləri son vaxtlar Azərbaycan Respublikasında baş verən müsbət iqtisadi proseslərin məntiqi nəticəsidir. Hər il ölkənin dövlət qurumları müxtəlif layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir. Belə layihələrin müştərək şəkildə maliyyələşdirməsində Azərbaycan hökumətinin iştirak payı ildən-ilə artır.
Axırda müqavilələr imzalanmışdır. Azərbaycan tərəfindən Borc sazişini “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Zəmanət sazişini isə maliyyə naziri Samir Şərifov, AYİB tərəfindən isə hər iki sənədi həmin qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Reymond Konvey imzalamışlar.