Azərbaycanla Koreya arasında İKT sahəsi müzakirə olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkla görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında daim inkişaf edən iqtisadi əməkdaşlıq, İKT, kibertəhlükəsizlik və nəqliyyat sektoru barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Koreya şirkətlərinin iştirakı məsələsi müzakirə olunub.
Görüşdə Azərbaycanda rəqəmsal transformasiyanın prioritet olduğu qeyd edilərək bu sahədə Koreyanın qabaqcıl təcrübəsi ilə tanışlığın ölkəmiz üçün əhəmiyyət daşıdığı vurğulanıb.