Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Daşkənd, 24 dekabr, AZƏRTAC
Özbəkistanda keçirilən parlament seçkilərini müşahidəçi kimi izləyən Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripovla görüşüblər.
AZƏRTAC xəbər verir ki, universitetdə keçirilən görüşdə Şavkat Şaripov Özbəkistanla Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Rektor universitet haqqında məlumat verib, bu ali məktəbin 1947-ci ildən böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıdığını vurğulayıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən danışan rektor deyib: “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edirik. Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və idarə heyətinin üzvləri Mədəniyyət Mərkəzinin bütün tədbirlərində yaxından iştirak edirlər. Əminəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək”.
Eldar İbrahimov qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə böyük islahatlar həyata keçirilir. Artıq dünyaya açılan Özbəkistanda böyük quruculuq və abadlıq işləri aparılır. Özbəkistan Türk Şurasının tamhüquqlu üzvüdür və bu qurumun Bakıda keçirilən iclasında Prezident Şavkat Mirziyoyev iştirak edib.
Gənclik illərində Buxaradakı Mir Ərəb mədrəsəsində təhsil aldığını bildirən Cavanşir Paşazadə Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə əməkdaşlığının daha da genişlənməsi istiqamətində görüləcək işlərdən danışıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd