ŞƏRH
Azərbaycanla Qırğızıstanın münasibətləri Türk dünyası üçün önəm daşıyır - RƏY
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycanla Qırğızıstan arasındakı əlaqələr dərin tarixi köklərə malikdir. Bu gün Azərbaycanla Qırğızıstanın münasibətləri bütün Türk dünyası üçün də önəm daşıyır.
Prezident İlham Əliyevin noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov söyləyib.
O qeyd edib ki, Azərbaycanın siyasi-iqtisadi uğurlarının artması, qlobal müstəvidə bəzi qərb imperialist dairələrin göz yumduğu neomüstəmləkəçilik də daxil olmaqla, bir çox ədalətsizliyə qarşı mübarizə aparması, dünya səviyyəli tədbirlərdə sözünə dəyər verilməsi, eyni zamanda, mühüm, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan uğurlarını və gücünü göstərir.
Ekspert deyib ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri zamanı Azərbaycanla Qırğızıstan arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bununla da iki ölkənin münasibətləri növbəti mərhələyə keçib. O cümlədən Qırğızıstanda minlərlə Azərbaycan vətəndaşı yaşayır, Azərbaycan sahibkarları Qırğızıstan iqtisadiyyatına töhfə verirlər. Qırğız iş adamları, qırğız şirkətləri də Azərbaycanda təmsil olunurlar.
“Qırğızıstan Prezidenti digər türk dövlətləri ilə birgə Qarabağda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşündə çox fəal iştirak etdi. Qırğızıstan Ağdamda orta məktəb tikintisini öz üzərinə götürdü və tikinti işləri uğurla davam edir. Ötən gün Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi. Bu, Qırğızıstanın Azərbaycan Prezidentinə olan ehtiramının növbəti dəfə yüksək səviyyədə nümayişi oldu”, – deyə ekspert əlavə edib.