AZƏRBAYCANLA RUSİYA ARASINDA TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR
İ.Hüseynova bildirdi ki, səfər çərçivəsində çox səmərəli görüşlər oldu və onların gedişində təhsil sahəsində əməkdaşlığın əsas istiqamətləri konkretləşdirildi. O, Moskva şəhəri merinin müavini Lyudmila Şvetsova ilə görüşünü xüsusi vurğuladı. Bu görüşdə Moskvada Azərbaycan etno-mədəni komponentli məktəblər şəbəkəsi yaradılması barədə razılaşma əldə olundu. Belə bir şəbəkənin yaradılması Rusiyada yaşayan həmvətənlərimizə Azərbaycanın zəngin ənənələrini, qədim mədəniyyətini və ana dilini qoruyub saxlamağa imkan verəcəkdir. Bununla yanaşı, 10-dək qardaşlaşmış məktəb yaradılması barədə də razılaşma əldə edildi. Azərbaycanla Rusiya arasında əməkdaşlığın müxtəlif cəhətlərinə dair elmi-praktik konfranslar keçirilməsi haqqında qərar qəbul olundu. Belə konfransların keçirilməsi əlaqədar idarələrə ümdə problemləri birlikdə müzakirə etməyə imkan verəcəkdir.
İ.Hüseynovanın sözlərinə görə, L.Şvetsova Azərbaycan tərəfinin bütün təşəbbüslərini müsbət qarşıladı və dövlətlərarası münasibətlərin, o cümlədən ayrı-ayrı sahələrdə, eləcə də təhsil sahəsində münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd etdi, Azərbaycanda rus dilinin qorunub saxlanmasına və inkişafına yüksək qiymət verdi.
İradə Hüseynova axırda dedi: “Mən bütün görüşlərdə diqqəti ona cəlb edirdim ki, Azərbaycanda rus dilinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çox böyük əhəmiyyət verilir. Bu ənənələrin bünövrəsini ümummilli liderimiz, müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev qoymuşdur. Rusiya da, rus dili də onun üçün həmişə doğma olmuşdur. O, Rusiya ilə tarixi dostluq əlaqələrinin qorunub saxlanmasına və möhkəmlənməsinə çoxlu qüvvə və enerji sərf edirdi. İndi bu ənənələri onun siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəal və layiqincə davam etdirir”.