CƏMİYYƏT
Azərbaycanla Tacikistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 27 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Tacikistan Respublikası Hökuməti yanında Ərzaq Təhlükəsizliyi Komitəsinin sədri Faizullozoda Muhammadsaidla görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb.
Görüşdə, həmçinin Azərbaycan və Tacikistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən iki ölkə hökumətləri arasında imzalanmış baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş, eləcə də idxal-ixrac əməliyyatları və digər məsələlər ətrafında müzakirələr aparılıb.