Azərbaycanlı alim beynəlxalq konqresdə müasir diplomatiyadan bəhs edib
Bakı, 23 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva Türkiyənin Trabzon şəhərində keçirilən 9-cu siyasi elm və beynəlxalq münasibətlər konqresində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim konqresdə “Müasir siyasətdə yeni diplomatiya, media və yumşaq güc” mövzusunda məruzə ilə çıxış edib.
Roida Rzayeva məruzəsində medianın sosial şüurun formalaşmasında, funksionallığında və inkişafında oynadığı roldan bəhs edib. Məruzədə inandırıcı kommunikasiya texnologiyalarının ənənəvi mediadan daha geniş şəkildə sosial mediada istifadə olunduğu və hədəfləmənin homogen sosial-demoqrafik qruplar əvəzinə psixoloji profillər (psixoqramlar) əsasında aparıldığı qeyd olunub.
“Bu gün biz siyasi məzmunun kütləvi yayılmasında texnoloji bir dönüş nöqtəsinə şahidlik edirik. Yumşaq güc ideologiyanın yeni və müasir forması hesab olunur. Yumşaq güc qeyri-zorakı təsir üsulları, vasitə və texnologiyalar vasitəsilə geostrateji məqsədlərə çatmaq üçün istifadə olunur və bu onu idarəetmə siyasətinin bir forması edir”, - deyə professor məruzəsində qeyd edib.