Azərbaycanlı deputat AŞPA-da gender bərabərsizliyi mövzusunda çıxış edib
Strasburq, 26 yanvar, AZƏRTAC
Gender əsaslı zorakılıq bütün ölkələr üçün məlum problemdir. Bu problem əsasən kişilər, eləcə də icma üzvləri və zərərli kişi davranışlarına dözümlü olan insanlar tərəfindən törədilir. Cəmiyyətlərdəki bu cür zorakılıq hallarına son qoyulması üçün hər kəsin, xüsusən də kişilərin və oğlanların fəal olması vacibdir. Həmçinin zorakılığın sistemli formalarına, eləcə də fərdi zorakılıq aktlarına qarşı mübarizə lazımdır. Çünki zorakılıq daha çox bu cür hallara biganə yanaşan və onu təşviq edən cəmiyyətlərdə baş verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun qış sessiyasında “Qadınlara, qızlara qarşı gender əsaslı zorakılığın dayandırılmasında kişilərin, oğlanların rolu və məsuliyyəti” adlı məruzənin müzakirələri zamanı deyib.
Bildirilib ki, kişilərin qadınlara, qızlara qarşı gender əsaslı zorakılığı daha çox ənənəvi sosial normalar, eləcə də qadınların iqtisadi baxımdan asılılığının nəticəsidir. Lakin hədəf iqtisadi, sosial və inkişaf məqsədlərini yerinə yetirmək üçün qadınlar və kişilər üçün daha sağlam gender əsaslı cəmiyyət yaratmaqdır. Strategiyaların təsirli olması üçün kişilər cəlb edilməli və onların davranışları əhəmiyyətli dərəcədə dəyişməlidir.
Qeyd edilib ki, qadınlar və uşaqlar tez-tez gender əsaslı zorakılıqla üzləşirlər. Bunun qarşısını almaq üçün çoxlu təşəbbüslər irəli sürülür. Ümumiyyətlə gender bərabərliyi uğrunda mübarizə aparan təkcə qadınlar olmamalıdır. Müxtəlif ölkələrdə gender bərabərliyi üzrə proqramlar geniş yayılır. Kişilərin, oğlanların patriarxal normaların, gender bərabərsizliyinin və gender əsaslı zorakılığın aradan qaldırılmasına töhfəsi ciddi şəkildə nəzərdən keçirilir. Uşaqların düzgün tərbiyəsində, stereotiplərdən uzaq olan düzgün gender modellərin formalaşmasında kişilər mühüm rol oynayır. Məhz bu baxımdan uşaqların tərbiyəsində kişilərin fəal rol oynamasını təşviq etmək üçün çoxlu sayda proqramlar hazırlanıb.
“Etiraf etməliyik ki, qadınlar öz hüquqları, bərabərlik haqqında yüksək səslə danışmaq üçün uzun və mürəkkəb bir yol keçiblər. Bütün dünyada qadınlar uzun müddətdir ki, zorakılığın azaldılması kampaniyalarında liderlik edirlər və bu getdikcə daha çox kişi-qadın hərəkatına çevrilir. Kişilərin atalar, dostlar, qərar qəbul edənlər, icma və fikir liderləri kimi qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında mühüm rola malikdirlər”, - deyə S.Fətəliyeva qeyd edib.
Vurğulanıb ki, qadınlara qarşı zorakılığa son qoymaq üçün kişilərin problemlərin həllinə cəlb edilməsi gender stereotiplərinin aradan qaldırılmasına, qadınların bacarıq, ambisiya və hüquqlarını dərk etməsinə kömək edir, gender əsaslı zorakılığın aradan qaldırılmasına töhfə verir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq