AZƏRBAYCANLI DEPUTAT AŞPA-NIN QIŞ SESSİYASINDA YENİ SƏNƏD YAYMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Strasburqdan xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yanvarın 24-də öz işinə başlamış qış sessiyasının ilk iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynovun hazırladığı yeni bir sənəd avropalı deputatlar arasında yayılmışdır. Nazirlər Komitəsinə yazılı şəkildə ünvanlanmış bu sənəd Avropa Şurasının sənədi kimi artıq nəşr edilmişdir. Sənəd “Ermənistan Respublikasının işğalı nəticəsində Azərbaycana vurduğu zərərlə bağlı daşıdığı məsuliyyət və ödəməli olduğu təzminat” adlanır.
Sənəddə deyilir:
“Hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik daha 7 rayonunu işğal etməklə qonşu dövlətin 20 faiz ərazisini nəzarət altında saxlayan Ermənistan 15 ilə yaxındır ki, Azərbaycan dövləti və xalqına qarşı bütün beynəlxalq hüquq normalarına zidd olan siyasətini davam etdirməkdədir. Ermənistanın 1 milyona yaxın azərbaycanlını qaçqına və məcburi köçkünə çevirmiş bu təcavüzünün nəticəsində Azərbaycana 60 milyard ABŞ dollarından çox zərər dəymişdir.
Hərbi təcavüzün nəticəsi olaraq 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarətlər almış, 4 min 853 nəfər itkin düşmüş və onlardan 439 nəfəri əsirlikdə ölmüş və ya öldürülmüş, 783 nəfəri isə indiyədək əsirlikdə qalmaqdadır.
Hərbi təcavüz zamanı Azərbaycan xalqına qarşı Ermənistanın bütün XX əsr ərzində apardığı soyqırımı siyasətinin tərkib hissəsi olaraq 6 min nəfər əhalisi olan Xocalı şəhəri bir gecənin içində yerlə-yeksan edilmiş, əsasən qadınlar, uşaqlar və qocalardan ibarət 613 nəfər dinc əhali xüsusi qəddarlıqla öldürülmüşdür.
İşğal nəticəsində Azərbaycanın 900 yaşayış məntəqəsi Ermənistan tərəfindən qismən və ya tamamilə dağıdılmış, 7 min sənaye və kənd təsərrüfatı obyekti, 700 təhsil, 665 səhiyyə obyekti, 22 muzey, 4 rəsm qalereyası, 44 məbəd, 9 məscid, 100 minə yaxın muzey sərvəti, mədəniyyət və memarlıq abidəsi dağıdılmış, qəsb edilmişdir.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 17 min hektar məhsuldar torpağı zəhərlənmiş, eroziyaya uğradılmış, minalanmış, istifadəyə yararsız hala salınmışdır.
1000 kilometrə yaxın avtomobil yolu, 160 körpü, 23 min kilometr su və 15 min kilometr elektrik xətti dağıdılmışdır.
Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərindəki meşə örtüyünü talan və məhv etməklə ekologiyaya sağalmaz ziyan vurmuşdur. Dağlıq Qarabağdakı 210 min hektar meşə ərazisi radiasiya - nüvə tullantıları ilə tam zəhərləndiyindən sıradan çıxmışdır. İşğal altındakı Qubadlı rayonunda 20 min hektar ərazini əhatə edən qoruq erməni hərbi birləşmələri tərəfindən yandırılmışdır. Zəbt olunmuş Zəngilan rayonu ərazisindəki 107 hektarlıq qoruq isə talan və məhv edilmişdir.
Qəsb edilmiş Azərbaycan ərazilərində olan 100-dən artıq qəbiristanlıq dağıdılmış, talan edilmiş, bir sıra qəbiristanlıqlar nüvə tullantılarının basdırıldığı məkana döndərilmişdir.
İşğalın nəticəsi olaraq Azərbaycanın demoqrafik inkişafına ciddi ziyan dəymiş, erkən ölümlər, qadın və uşaq xəstəliklərinin təhlükəli artımı baş vermişdir”.
Sənədin sonunda azərbaycanlı deputat bütün sadalanan faktları nəzərə alaraq Nazirlər Komitəsindən soruşur:
“Təcavüzkar Ermənistan tərəfindən Azərbaycan xalqı və dövlətinə qarşı həyata keçirilmiş, bütövlükdə XX əsrdə insanlıq əleyhinə törədilmiş ən böyük cinayətlərdən olan bu işğal nəticəsində vurduğu maddi və mənəvi ziyana görə Ermənistanın daşıdığı məsuliyyətin və təzminat ödəməli olmasının Avropa Şurası Nazirlər Komitəsi tərəfindən indiyədək ayrıca müzakirə edilməməsi və bununla əlaqədar müəyyən sənədin qəbul olunmaması nə dərəcədə ədalətlidir?”.
Avropa Şurasının qaydalarına görə, bu sənəd Nazirlər Komitəsində yaxın vaxtlarda müzakirə olunacaq və qaldırılan məsələ ilə bağlı konkret addımlar atılacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusu müxbiri
Strasburq