Azərbaycanlı deputat AŞPA-nın üzvlərini Belarusa dəstək göstərməyə çağırıb
Strasburq, 28 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci günüdə Parlament Assambleyasının plenar iclasında qurumun italiyalı üzvü Andrea Riqoninin “Belarusda vəziyyət” adlı məruzəsi dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirə edilən mövzuya münasibətini bildirib.
S.Seyidov qeyd edib ki, məruzə vaxtında hazırlanıb və Avropa Şurası ilə bu ölkə arasında münasibətlərin yaranmasında körpü ola bilər.
Məruzənin qəbul edilə bilən olduğunu deyən S. Seyidov bildirib: “Belarus bu istiqamətdə çox işlər görüb. Əvvəllər də Belarusun əlaqələr qurmaq üçün cəhdlərini görmüşük. Təəssüflər olsun ki, həmin cəhdlər birtərəfli idi. Ancaq bu gün hər iki tərəfin - Avropa Şurasının və Belarusun qarşılıqlı əlaqələr qurmaqda maraqlı olması çox vacibdir. Belarusda təkcə vətəndaş cəmiyyəti deyil, həmçinin ölkənin siyasi rəhbərliyi də müzakirələrə qoşulmağa, bu istiqamətdə ciddi addımlar atmağa və Avropanın digər ölkələri ilə birgə olmağa maraqlıdır”.
“Belarus Avropanın mərkəzindədir, ona kömək göstərmək lazımdır. Hər iki tərəf arasında etimad və etibar yaratmağa kömək etməliyik. Buna görə də məruzədə əks olunan fəaliyyətləri, ölkənin siyasi rəhbərliyini və vətəndaş cəmiyyətini dəstəkləməliyik”, - deyə S. Seyidov əlavə edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq