Azərbaycanlı diplomatın məqalələri Səudiyyə Ərəbistanının nüfuzlu KİV-lərində
Bakı, 5 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 89-cu ildönümü münasibətilə Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayev yerli aparıcı KİV-lərdə məqalələrlə çıxış edib.
AZƏRTAC xəbər verir ki, ölkənin rəsmi informasiya agentliyi hesab olunan Səudiyyə Xəbər Agentliyinin rəsmi internet səhifəsində Ş.Abdullayevin “Müstəqillik günü - Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinin müstəqilliyin 89-cu ildönümü münasibətilə ölkə rəhbərliyinə təbriki” sərlövhəli məqaləsi yer alıb.
Yazıda Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyi və xalqı müstəqillik günü münasibətilə təbrik edilir, iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunur, əməkdaşlıq imkanları və perspektiv planlar barədə məlumat verilir. Həmçinin iki ölkə rəhbərliyinin yorulmaz fəaliyyətinin nəticəsi olaraq son zamanlar müxtəlif sahələr üzrə yeni əməkdaşlıq imkanlarının yarandığı vurğulanır.
Qeyd olunan münasibətlə əlaqədar səfir Şahin Abdullayevin Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrindən bəhs edən növbəti yazısı ölkənin aparıcı mətbu orqanlarından sayılan “Əl-Cəzirə” qəzetində dərc olunub.
Məqalədə iki ölkə arasında inkişaf edən əlaqələr, son dövr ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, Azərbaycana səfər edən səudiyyəli turistlərin sayında müşahidə olunan əhəmiyyətli artım, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq üçün yaradılmış şərait və gələcəkdə görüləcək işlər barədə oxuculara qısa məlumat verilir. Məqalədə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin hər zaman Səudiyyə Ərəbistanı Krallığı tərəfindən dəstəklənməsi məmnunluqla ifadə olunur. Qeyd olunan məqalə “Əl-Cəzirə” qəzetinin müstəqillik günü münasibətilə çap olunan xüsusi buraxılışında yer alıb.
Hər iki yazını bu linklərə daxil olmaqla oxumaq mümkündür: