Azərbaycanlı futbolçu “Real Madrid”in ulduzunu öz kumiri hesab edir - MÜSAHİBƏ

Bakı, 17 fevral, AZƏRTAC
Misli Premyer Liqasında 39 xalla dördüncü pillədə qərarlaşan “Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- XXIII turda "Araz-Naxçıvan"ı doğma meydanda minimal hesabla məğlub etdiniz. Oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Öncədən də çətin qarşılaşma olacağını bilirdik. Hazırlığımızı da buna uyğun görmüşdük. Daha əvvəl "Araz-Naxçıvan"a iki dəfə məğlub olmuşduq. Bu, bizə oyuna daha yaxşı hazırlaşmaq üçün motivasiya oldu.
- Qələbə qolunda məhsuldar ötürmənin müəllifi olmaqla yanaşı, matçda da kifayət qədər yaxşı mübarizə apardınız...
- Təbii ki, ən önəmlisi qalib gəlmək, xal qazanmaqdır. Qələbədə payım varsa, bu, mənim üçün də çox xoşdur. Komanda olaraq, yaxşı mübarizə apardıq və istədiyimiz nəticəni qazandıq.
- Gənc futbolçu olaraq, Kurban Berdıyev kimi təcrübəli mütəxəssisin rəhbərliyi altında çalışmaq necə hissdir? Sizcə, baş məşqçi komanda və gənc oyunçularla bağlı nələri dəyişə bilib?
- Həqiqətən də Kurban Berdıyevlə işləmək bizim üçün böyük şansdır. Gələcək karyeramız üçün ondan yaxşı şeylər öyrənə bilirik. Gənclərə daha inamlı olmağı və özümüzü analiz etməyi tapşırır.
- Nəcə düşünürsünüz, mövsümün sonunda avrokuboklara vəsiqə qazana biləcəksiniz?
- Bizim də qarşımıza qoyduğumuz hədəflər var və onlara doğru irəliləyirik. Ümid edirəm ki, çempionatın sonunda buna nail olacağıq.
- Qış transfer dövründə başqa klublardan təklif almışdınız?
- Bəli, təkliflər olur. Amma mən bu haqda hələ heç nə düşünmürəm. Prioritetim “Turan Tovuz”dur. İnanıram ki, birlikdə daha böyük işlər görəcəyik.
- Bu performansı davam etdirib, milli komandaya dəvət alacağınıza inanırsınız?
- Hər bir futbolçu kimi mən də milli komandaya dəvət almaq istəyirəm. Təbii ki, buna yığmanın məşqçiləri qərar verəcəklər.
- Futbolçu kimi ən böyük hədəfiniz nədir?
- Karyeramı bitirdikdən sonra insanların yaddaşında yaxşı və unudulmaz futbolçu kimi qalmağı arzulayıram.
- Dünya futbolunda örnək aldığınız kimsə varmı?
- Bu gün İspaniyanın “Real Madrid” komandasının futbolçusu Federiko Valverdenin adını çəkə bilərəm. Onun meydandakı əzmini və hər oyunda istəkli olmasını çox bəyənirəm.
- Növbəti turda "Şamaxı" ilə qarşılaşacaqsınız. Bu, rəqibiniz üçün də vacib oyundur. Çünki onlar Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. Şansları necə qiymətləndirirsiniz?
- “Şamaxı” ilə matçlar həmişə çətin və maraqlı keçib. Yaxşı hazırlaşıb, bu görüşə də qələbə üçün çıxacağıq.
- Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limiti ləğv olunacaq. Sizcə, bu amil Azərbaycan futboluna necə təsir göstərəcək?
- Artıq qərar verilib. Fikir bildirmək nəyisə dəyişməyəcək. Bu qərarın futbolumuza necə təsir edəcəyini gələn mövsüm görəcəyik.