Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO
Daşkənd, 21 avqust, AZƏRTAC
Azərbaycan media nümayəndələri Özbəkistana təşkil olunan press-tur çərçivəsində avqustun 21-də Daşkənd vilayətində yerləşən “Amirsoy” və “Beldersay” dağ kurortları ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, səfər zamanı Azərbaycanın media nümayəndələrinə ilboyu dağ turizminin inkişafı, aktiv istirahət üçün yaradılmış müasir infrastruktur, həyata keçirilən investisiya layihələri, eləcə də regionda beynəlxalq turizm klasterinin formalaşdırılması perspektivləri barədə məlumat verilib.
“Amirsoy” Özbəkistanın ən böyük xizək kurortu və Mərkəzi Asiyanın ən müasir dağ turizmi komplekslərindən biridir. Kurort Qərbi Tyan-Şanda, Mayqaşkan dağının şimal yamaclarında, Daşkənddən təxminən 65 kilometr məsafədə yerləşir. Kurort 2019-cu ildə fəaliyyətə başlayıb və ilboyu turistləri qəbul edir.
Kurort dəniz səviyyəsindən 2494 metrədək yüksəklikdə yerləşir və ümumi ərazisi təxminən 900 hektardır. Qış mövsümündə burada xizək və “snoubord” sürmək üçün şərait yaradılıb, zəruri avadanlıqların icarəsi məntəqələri fəaliyyət göstərir, yeni başlayanlar üçün peşəkar təlimçilər xidmət göstərirlər.
Yay mövsümündə isə dağ kompleksi aktiv istirahət və turizm üçün imkanlar təklif edir ki, bu da kurort infrastrukturundan ilboyu istifadə modelinin inkişafına şərait yaradır.
Səfər zamanı investisiya layihələrinə, turizm infrastrukturunun inkişafına və beynəlxalq turizm əməkdaşlığının daha da genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.
Jurnalistlər, həmçinin Daşkənd vilayətinin mənzərəli dağlıq ərazisində yerləşən “Beldersay” kurortu ilə tanış olublar. Bu ərazilərin inkişafı regionun turizm potensialının artırılmasının və həm daxili, həm də beynəlxalq turizmə yönəlmiş müasir dağ klasterinin formalaşdırılmasının mühüm hissəsi hesab olunur.
Dağ kurortlarına səfər Azərbaycan media nümayəndələrinin Özbəkistanın turizm, investisiya və iqtisadi potensialı ilə tanışlığı üçün təşkil edilən press-tur çərçivəsində baş tutub.