Azərbaycanlı könüllü İngiltərə Futbol Assosiasiyasının layihəsində iştirak edib
Bakı, 31 iyul, AZƏRTAC
İngiltərənin Birmingem şəhərində İngiltərə Futbol Assosiasiyasının təşkilatçılığı ilə Liderlik Akademiyası layihəsi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, “UEFA Avropa Liqası Final 2019”un və “Avro 2020”nin könüllüsü Camal Səmədov AFFA-nın xətti ilə layihədə iştirak edib.
Liderlik Akademiyasına 14 fərqli ölkənin hərəsindən 1 təmsilçi qatılıb. Digər iştirakçılar isə İngiltərənin müxtəlif şəhərlərini təmsil ediblər. Ümumilikdə, tədbir 100-ə yaxın gəncin iştirakı ilə keçirilib. Layihə müddətində liderliklə bağlı təlimlər, komanda quruculuğu ilə bağlı müxtəlif yarışlar, oyunlar təşkil edilib. Eyni zamanda, “Avro 2020” ilə bağlı geniş təqdimat nümayiş olunub.