AZƏRBAYCANLI MƏKTƏBLİLƏR “BEYNƏLXALQ RUS DİLİ OLİMPİADASI”NDA UĞUR QAZANMIŞLAR
Moskvada MDB-yə daxil olan dövlətlərin, Baltikyanı respublikaların, habelə ABŞ, Fransa, İngiltərə də daxil olmaqla, dünyanın 36 ölkəsinin nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq Rus dili Olimpiadası” keçirilmişdir.
Rus dili və Ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosiasiyası tərəfindən A.S.Puşkin adına Moskva Dövlət Dillər Universitetində təşkil olunmuş bu olimpiadada Bakı Slavyan Universitetinin dosenti İlahə Carçıyevanın rəhbərliyi ilə respublikamızdan 10 məktəbli iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Bakının Səbail rayonundan O.Mirzəyev adına 190 nömrəli orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova vermişdir.
A.Bakıxanova bildirmişdir ki, Bakı Slavyan Universiteti tərəfindən yaradılmış və bu ildən etibarən 190 nömrəli orta məktəbdə fəaliyyət göstərən “Ali və orta təhsilin koordinasiyası kafedrası”nın üzvləri olan, burada biliklərini artıran 10-cu sinif şagirdlərinin ikisi Azərbaycan nümayəndələrinin arasında olmuşdur.
Böyük əsk-səda doğuran və maraq kəsb edən olimpiadada azərbaycanlı şagirdlər uğur qazanmış, onun qalibləri sırasında olmuşlar. 190 nömrəli orta məktəbin şagirdlərindən Kazımzadə Aydan 1-ci, Hacılı Tural isə 2-ci yerə çıxmış, diplom, fəxri fərman və qiymətli hədiyyələrə layiq görülmüşlər.
Rus dili və Ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosiasiyasının nümayəndələri, münsiflər heyəti, olimpiada iştirakçıları, Moskva ictimaiyyətinin və pedaqoji işçilərinin nümayəndələri, A.S.Puşkin adına Moskva Dövlət Dillər Universitetinin kollektivi Azərbaycandan olan şagirdlərin savad və biliyini xüsusi qeyd etmişlər.
Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin, respublikamızda rus dilinə münasibətin yüksək olmasının təzahürüdür. Olimpiadada qeyd olunmuşdur ki, digər keçmiş SSRİ respublikalarından fərqli olaraq, Azərbaycanda rus dilinə və ədəbiyyatına olan münasibət əvvəlki kimi qalmışdır. Bu isə, öz növbəsində, Azərbaycan ilə Rusiya arasında olan əlaqələrin daha da möhkəmlənməsinə və inkişaf etməsinə şərait yaradacaqdır.