Azərbaycanlı məktəblinin inşa yazısı Ümumdünya Poçt İttifaqının bürünc medalına layiq görülüb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanlı məktəblinin inşa yazısı Ümumdünya Poçt İttifaqının bürünc medalına layiq görülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Poçt İttifaqı 48 ildir təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında başlayan növbəti epistolyar inşa müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə iştirak üçün 20 min 722 inşa yazısı verilib. Builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşadək məktəblilər üçün), “Azərpoçt” MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib. Birinci mövzu üzrə Bakı şəhəri, 132-134 saylı təhsil kompleksinin 8-ci sinif şagirdi Leyla Elnur qızı Dadaşova qalib elan olunub. L.Dadaşovaya məxsus inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin paytaxtı Berndə yerləşən mərkəzi ofisinə göndərilib.
Müsabiqənin şərtlərinə görə, toplanan inşalar UNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunub. Sonda 3 əsas qalib müəyyən edilib. Dünya üzrə 3 əsas yerin qaliblərindən biri azərbaycanlı şagird L.Dadaşova olub. O, 3-cü yerə layiq görülüb və bürünc medal qazanıb. Qalib məktəblinin medalını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə təqdim edib.
Qeyd edək ki, azərbaycanlı məktəbli yazdığı inşanı müasir dövrün ən məşhur fizik-nəzəriyyəçilərindən olan Stiven Hokinqə həsr edib. Yazıda hərəkət və danışıq qabiliyyətini itirməsinə baxmayaraq böyük uğurlar əldə edən alimin hər kəsə nümunə olmasından bəhs olunur. Müəllifin bu mövzuya müraciət etməsinin səbəbi isə qardaşının autizm sindromundan əziyyət çəkməsidir.
Qeyd edək ki, “Azərpoçt” MMC 1993-cü ildən etibarən Ümumdünya Poçt İttifaqının üzvüdür. L.Dadaşova Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə keçirilən bu yarışmada qalib olan ilk azərbaycanlıdır.