AZƏRBAYCANLI TƏLƏBƏLƏR PARİSDƏ LAYİHƏLƏRİNİ TƏQDİM ETMİŞLƏR
Dünyanın tanınmış 24 firmasının maliyyə yardımı ilə keçirilmiş tədbirdə 47 ölkədən 800 nümayəndə iştirak etmişdir. Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycan gəncləri tədbirə dəvət almışdır.
Təşkilatın Azərbaycan üzrə əlaqələndiricisi Kəmalə Məmmədova, Azərbaycan İqtisad Universitetinin əməkdaşları Elnur Məmmədov və Nicat Mürsəlli, tələbələrdən Ruslan Nuriyev, Azər Əliyev və Mehman Bədəlzadə ölkəmizi tədbirdə təmsil etmişlər.
Tədbirdən əvvəl hər bir komanda onlar üçün ayrılmış guşədə öz ölkələrinin tarixi, mədəniyyət və incəsənətindən bəhs edən kitablar, milli mətbəx nümanələri nümayiş etdirmişlər. Azərbaycan guşəsi də tədbir iştirakçılarında böyük maraq doğurmuş, gənclərimiz ölkəmizlə bağlı çoxsaylı suallara cavab vermişlər.
Rəsmi açılış mərasimində çıxış edən Paris merinin müavini Kristian Soter biznes fəaliyyətində gənclərin iştirakını yüksək qiymətləndirmiş, komandalara uğurlar arzulamışdır.
Təşkilatın vitse-prezidenti Brus Nesbi dünya gənclərinin azad sahibkarlıq fəaliyyəti ilə məşğulluğunda və bu sahəyə hazırlaşmasında, müxtəlif qitələri təmsil edən gənclər arasında dostluq korpüsünün yaranmasında belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.
Ertəsi gün hər bir komanda azad sahibkarlıq fəaliyyəti ilə əlaqədar hazırladıqları layihələri təqdim etmişlər. Komandamız final mərhələsinə çıxa bilməsə də, münsiflər heyəti təqdim olunan layihələri uğurlu hesab etmiş, tədbirin sponsorları olan beynəlxalq firmaların İqtisad Universitetində yaradılmış virtual banka dair layihəyə xüsusi maraq göstərdiklərini bildirmişdir.
Yarışda ilk dörd yeri isə müvafiq surətdə Çin, ABŞ, Hindistan və Malayziya komandaları tutmuşdur.
Azad sahibkarlıqla məşğul olan gənclərin növbəti yarışı 2007-ci ildə ABŞ-da keçiriləcəkdir.