AZƏRBAYCANLI TƏLƏBƏLƏR STRASBURQDA BƏYANAT YAYMIŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Strasburqda təhsil alan azərbaycanlı tələbələr Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında müzakirəsi ilə bağlı bəyanat hazırlayaraq deputatlar arasında yaymışlar. Bəyanatda deyilir:
“Avropa Şurası bu quruma üzv olan dövlətlərin ərazi bütövlüyünü və ümumilikdə, plüralist demokratiyanın müdafiəçisi olaraq əsas azadlıqları, xüsusən insan haqlarını təmin etməyi öz üzərinə götürmüşdür. Bu təşkilat, həmçinin Avropa cəmiyyətindəki mübahisəli problemlərin həlli üçün öz tövsiyəsini verməkdədir.
Dörd ildən bəridir Avropa Şurasının üzvü olan Ermənistan Respublikası bu quruma üzv olan digər bir suveren dövlətə qarşı 15 ildən çoxdur ki, zorakılıq siyasəti yürütməkdədir. Bununla da Ermənistan dövləti Avropa Şurasının humanist prinsiplərinə xəyanət edir. Ermənistan dünya ictimaiyyətinin fikrini nəzərə almadan, beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan ordusunun işğalı altındadır. 1990-1994-cü illər ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 digər rayonunun işğalı zamanı bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin salınmışdır. Ermənistan ordusu 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində görünməmiş soyqırımı həyata keçirmişdir. Bu, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir.
Ermənistan Avropa Şurasına üzv olandan bəri işğal etdiyi ərazilərin bir qarışını belə qaytarmamış və doğma torpaqlarından qovulmuş heç bir şəxsə öz doğma yurd-yuvasına qayıtmağa imkan verməmişdir. Ermənistan Avropa Şurasına üzv olarkən öhdəlik götürməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin fikrinə məhəl qoymur və BMT-nin Təhlükəsizlik Şurasının Ermənistandan silahlı qüvvələrini Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindən və işğal olunmuş digər 7 rayonundan qeyd-şərtsiz çıxarmasını tələb edən 822, 853, 874, 884 nömrəli qətnamələrinə əməl etmir.
Ermənistan ordusunun törətdiyi cinayətlər Avropa Şurasının qəbul etdiyi dəyərlərə qətiyyən uyğun deyil və bu qurumun üzvü kimi Ermənistan həmin təşkilatın nizamnaməsini açıq-aşkar pozur. Avropa dəyərlərini qoruyan bir qurumun tərkibində təcavüzkar ölkəyə yer ola bilməz və Ermənistanın əməlləri artıq dözülməzdir. Bunları nəzərə alaraq, Avropa Şurası Nizamnaməsinin 8-ci maddəsi Ermənistana tətbiq olunmalıdır və o, bu qurumdan xaric edilməlidir.
Biz haqq-ədalətin qələbə çalacağına inanaraq, Avropa Şurasından öz səlahiyyətlərindən istifadə etməklə Ermənistanın Azərbaycan əleyhinə işğalçılıq siyasətinə qarşı tezliklə ölçü götürməsini tələb edirik”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq