Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Xətai rayonunda anım mərasimi keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Erməni şovinistlərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğınlar içərisində 31 mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb.
Bu fikirlər 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Xətai Rayon İcra Hakımıyyətındə keçirilmiş tədbirdə səslənib.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib ki, bu qanlı faciəyə əsil hüquqi qiymət məhz ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda qarşıya bu hadisələrə hüquqi qiymətin verilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulmuşdu. Məhz həmin Fərmana əsasən, xalqımız hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi dərin hüznlə qeyd edir.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Qafur Rəhmanov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova, təşkilatın qadınlar şurasının sədri Aygün Əhmədli, gənclər təşkilatının sədri Sərxan Əliyev çıxışlarında bildiriblər ki, “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilərin Azərbaycana qarşı apardıqları təcavüzkar siyasət nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb. Azərbaycanın əzəli-tarixi torpaqları olan Dağlıq Qarabağ və digər ətraf rayonlar illərdir ki, erməni işğalındadır və dünya birliyi isə bunu görməməzliyə vurur.