Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 31 mart, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında keçirilən müsabiqə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikanın Rəssamlar Birliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva 1918-ci ilin mart hadisələrindən söhbət açıb. Qeyd edib ki, hər il mart ayının 31-i respublikamızda Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş ən faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. 1918-ci il martın son günlərində Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atıblar. Ermənilər həmin vaxtı Naxçıvanı ələ keçirmək məqsədi ilə qədim diyarda da qırğınlar törədiblər. Lakin güclü müqavimətlə qarşılaşdıqları üçün geri çəkilmək məcburiyyətində qalıblar.
Bildirilib ki, Ümummilli Liderin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı tarixi həqiqətləri üzə çıxarıb. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, xalqımıza qarşı aparılan etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.
Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən rəsm müsabiqəsinin əhəmiyyətindən danışan Ülviyyə Həmzəyeva qeyd edib ki, müsabiqənin önəmli cəhətlərindən biri də gənclərin xalqımızın başına gətirilən müsibətləri daim xatırlamalarını təmin etmək, onlara Vətənə məhəbbət, milli kimliyimizə bağlılıq ruhunu aşılamaqdır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev deyib ki, tarixi ədalətsizlik üzündən ötən əsrin sonlarınadək xalqımızın üzləşdiyi bu ağır faciələrə obyektiv qiymət vermək mümkün olmayıb. Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönələn kampaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olub. Bu yol bu gün uğurla davam etdirilir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl iş aparılır.
Nicat Babayev ölkəmizdə, o cümlədən muxtar respublikada aparılan uğurlu gənclər siyasətindən danışaraq vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunda formalaşması böyük əhəmiyyətə malikdir. Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən rəsm müsabiqəsində də məqsəd tariximizi unutmamaq, onu yaddaşlarımızda yaşatmaq, vətənpərvərlik ruhunu aşılamaqdır.
Sonra rəsm müsabiqəsinin qalibləri təşkilatçılar tərəfindən diplomlarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Sonda sərgiyə baxış zamanı Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva müsabiqəyə təqdim edilən əsərlərin müsbət və mənfi xüsusiyyətlərini tələbələrə izah edib, gənc rəssamlara rəngkarlığın sirləri, əsərin ideyası, işlənmə texnikası barədə ətraflı məlumat verib, düzgün fırça seçiminin əhəmiyyətini vurğulayıb.