Azərbaycanlıların soyqırımı tarixin qanlı səhifəsidir
Bakı, 30 mart, Məhərrəm Əlioğlu, AZƏRTAC
Azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinist millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib. Bu siyasətin mahiyyəti azərbaycanlıları doğma torpaqlarından çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 30-da Azərbaycan Hərb Tarixi Muzeyində “31 Mart - azərbaycanlıların soyqırımı tarixin qanlı səhifəsidir” mövzusunda keçirilən anım tədbirində səsləndirilib.
Tədbirdə Ermənistanın tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışılıb. Bildirilib ki, erməni millətçiləri azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçiriblər. Bu, kütləvi qətllər və amansız hərbi əməliyyatlarla müşayiət olunub.
Mərasimdə ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Çıxışlarda ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilib.
Anım tədbirində soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyi, terror və təcavüzə məruz qaldığı, doğma torpaqlarından deportasiya olunduğu, ermənilərin bu təcavüzkar siyasətinin indi də davam etdirildiyi, dünya birliyinin isə buna biganə yanaşmasının təəssüf doğurduğu bildirilib.