“Azərbaycanlıların soyqırımından 100 il keçir...” adlı elmi-praktik konfrans keçirilib
Bakı, 29 mart, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Azərbaycanlıların soyqırımından 100 il keçir...” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunan tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə idarənin əməkdaşları Səadət Ələkbərovanın “Müsəlman qanına susamış ermənilərin XX əsrdə törətdikləri genosidlərə dair”, Nərmin Alıyevanın “Mart qırğınlarının araşdırılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti”, Həcər Alxasovanın “Bolşevik cildində daşnak ideologiyası”, Ofeliya Əfəndiyevanın “Soyqırımı faciəsində erməni lobbisinin fəaliyyəti və Qərb dövlətlərinin onlara göstərdiyi dəstək” adlı məruzələri dinlənilib.
Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində minlərlə dinc azərbaycanlı öldürülüb.
Vurğulanıb ki, xalqımıza qarşı törədilmiş bütün soyqırımı hadisələrinin anılması və həmin faciələrin unudulmaması üçün dahi şəxsiyyət Heydər Əliyev 1998-ci il martın 26-da Fərman imzalayaraq 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan edib. Əsrlərboyu xalqımıza qarşı törədilmiş, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırımı və deportasiya hadisələrinin əsl mahiyyəti məhz həmin tarixi Fərmandan sonra tarixçilər, tədqiqatçılar, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanılıb, qaranlıq səhifələrə aydınlıq gətirilib.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “31 mart soyqırımı - tarixin qanla yazılmış yaddaşı” adlı kompozisiya nümayiş olunub.