“Azercell” bu ilin birinci rübündə daha 72 baza stansiya quraşdırıb
Bakı,14 aprel, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” bu ilin I rübündə daha 72 baza stansiyasını abunəçilərin istifadəsinə verib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar ayında 5, fevralda 15, martda isə 30 sayda 3G baza stansiyası quraşdırılıb. Bundan əlavə, mobil operator 22 sayda 2G baza stansiyasını abunəçilərin ixtiyarına verib. Hazırda ölkə ərazisində “Azercell”-in 2660 sayda 2 G, 1760 sayda 3G və 257 sayda 4G baza stansiyası mövcuddur. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən “Azercell” 4677 baza stansiyası ilə fəaliyyət göstərir. Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən “Azercell Telekom” son iki ildə öz şəbəkəsini 25 faiz daha da gücləndirib. Ötən il isə169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdırılıb və 3G şəbəkəsinin tutumunu rekord səviyyədə-ölkə üzrə 4 faiz, Bakı şəhəri üzrə 92 faiz gücləndirilib.
Qeyd edək ki, bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən “Azercell” ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb. “Azercell” hər zaman olduğu kimi öz abunəçilərini ən qabaqcıl texnoloji yeniliklər və keyfiyyətli rabitə sisteminin üstünlüklərindən faydalanmasını təmin etməkdədir.