“Azercell” istedadlı tələbələrə dəstək olur
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” Azərbaycan Universitetində keçirilən karyera yarmarkasında iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 200 nəfərin qatıldığı tədbirdə “Azercell”-in ayrıca stendi nümayiş olunub. Şirkətin nümayəndələri “Azercell”-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları keçirib. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Universitet məzunlarına “Azercell”-də vakant yerlər haqqında da məlumat verilib.
“Azercell Telekom” daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq “Azercell”in təşəbbüsü ilə şirkət tərəfindən “Karyera günləri” təşkil olunur. Şirkətin elan etdiyi “Tələbə proqramı” çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz “Azercell”-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda həyata keçirilən sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, “Azercell” aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.