“Azercell” Mobil Müştəri xidmətləri yaradıb
Bakı, 27 aprel, AZƏRTAC
“Azercell Telekom” MMC tərəfindən Mobil Müştəri xidmətləri yaradılıb. Yeni xidmət qrupunun əsas məqsədi Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirməkdir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, qrupun əməkdaşları aprelin 27-də bu məqsəd üçün təşkil olunmuş xüsusi nəqliyyatla ilk olaraq “Azercell”-in Bəsti Bağırova küçəsi, 2 ünvanında yerləşən Müştəri Xidmətləri mərkəzindən yola düşərək Saatlı - İmişliyə gediblər. Səfər çərçivəsində abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində “Azercell” tərəfindən təqdim olunan bütün xidmətlər göstəriləcək.
Qrup aprelin 28-də İmişli və Füzuliyə, aprelin 29-da Ağcabədi və Ağdamın Quzanlı qəsəbəsinə, aprelin 30-da isə Ağcabədi və Tərtərə gedəcəklər. Onlar ölkə boyu səfər edərək ən ucqar ərazilərdə belə abunəçilərin istəklərini həll edəcəklər.
Müştərilərə xidmət sahəsində bu konsepsiya ölkədə ilk dəfə “Azercell” tərəfindən tətbiq olunur. Şirkət 1998-ci ildə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, “online” şəkildə xidmət göstərən “Azercell” sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir.