İQTİSADİYYAT
AZERCELL YENİ ROUMİNQ SAZİŞİ BAĞLAMIŞDIR
Azercell Telekom Birgə Müəssisəsi daha bir operatorla - Rusiyada sayca 17-ci rouminq tərəfdaşı olan New Telephone Company (NTC) mobil rabitə operatoru ilə yeni beynəlxalq rouminq sazişi bağlamışdır. Bu, Azercell-in cari ilin əvvəlindən rouminq sazişi bağladığı 8-ci operatordur.
Birgə müəssisənin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, GSM-900 standartında xidmət göstərən həmin operator Vladivostoku və onun ətraf ərazilərini əhatə edir. Yeni saziş Azərbaycan və Rusiya dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır.
Hazırda Azercell Telekomun dünyanın 88 ölkəsi ilə 197 rouminq sazişi vardır.