“AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İŞLƏR UĞURLA DAVAM ETDİRİLİR
Bütün bunlarla yanaşı, D. Vudvord layihə çərçivəsində “Azəri” yatağında, Səngəçal terminalı, Kürdəmir rayonundakı təmizləyici qurğu və Yevlax əsas nasos stansiyası və s. obyektlərdə tikintinin cədvəl üzrə uğurla davam etdirildiyini bildirmişdir. Şirkətin prezidenti cari ilin sentyabrında BTC-nin istifadəyə veriləcəyini, dekabrda, yaxud gələn ilin əvvəlində “Mərkəzi Azəri” platformasından ilk neftin nəql olunacağını əminliklə bildirmiş, eyni zamanda, ötən müddət ərzində əməyin təhlükəsizliyinin maksimum qorunduğunu, 10 milyon adam-saat iş görüldüyünü, lakin heç bir qəza hadisəsinin baş vermədiyini xüsusi olaraq vurğulamışdır. O, Gürcüstan və Türkiyə ərazilərində də kəmərin inşasının uğurla aparıldığını və ciddi maneənin olmadığını da demişdir.
“Şahdəniz” layihəsi üzrə vitse-prezident Rob Kelli və əməliyyatlar üzrə vitse-prezident Nil MakKleərinin verdikləri məlumatlara görə, “Şahdəniz” qaz-kondensat yatağında rüb ərzində görülmüş işlərə 341 milyon dollar vəsait xərclənmişdir. Bütövlükdə 2004-cü il üçün 1 milyard 81 milyon dollar vəsait ayrılmışdır.
Hazırda Zığ tikinti–quraşdırma sahəsinin modernləşdirilməsi işi davam edir. 500-dən artıq adamın çalışdığı bu sahədə TPG-500 tipli hasilat platformasının dayaq hissəsi quraşdırılır. Platformanın gövdəsi və üst modulları elə burada vahid bir qurğu kimi yığılacaqdır. Yataqda isə artıq üçüncü quyunun qazılmasına başlanmışdır. Orada suyun dərinliyi 101 metrə çatır.
Vitse-prezidentlər bildirmişlər ki, qaz kəməri üçün boruların ilk dəsti yanvarın sonunda Azərbaycana çatdırılmışdır. Kəmərin Azərbaycan ərazisindən keçəcək 442 kilometrlik hissəsinə lazım olan təxminən 38 min boru ilin sonunadək gəmilərlə gətiriləcəkdir. Şirkət iyunun axırlarında kəmərin tikintisinə başlamağı planlaşdırmışdır.
Görüşün sonunda şirkətin rəhbərləri jurnalistlərin suallarına cavab vermişlər.