“Azəriqaz” şəhid ailələri və qazilərə göstərilən xidmətlə bağlı hesabatını açıqlayıb
Bakı, 26 avqust, AZƏRTAC
Cari ilin 8 ayında şəhid ailələri, qazilər, veteranlar və digər statuslu vətəndaşlar tərəfindən “Azəriqaz” İB-nə ümumilikdə 807 müraciət daxil olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Qurum rəsmisi müraciətlərin artıq 266-nın icra olunduğunu qeyd edib. Müraciətlərin təyinatı isə qazlaşma işləri, qaz xəttinin və ya sayğacın yerinin dəyişdirilməsi ilə bağlıdır.
Eldəniz Vəliyev bundan başqa həssas qrupun işlə təmin olunması məsələsinə də toxunub. O, “Azəriqaz”ın daim buna yüksək həssaslıqla yanaşdığını və qurumun prioriteti olduğunu vurğulayıb.
Görüşdə iştirak edən Birliyin Qəza Çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək ötən ilin analoji dövri ilə müqayisədə bu il müraciətlərin sayında azalmanın qeydə alındığını bildirib. Xalidə Şimşək bu azalmanı “Azəriqaz”ın apardığı quruculuq işləri və maarifləndirmə ilə əlaqələndirib.
“Açıq qapı” aksiyası daha sonra mətbuat nümayəndələri ilə yanaşı, sıravi vətəndaşların suallarının cavablandırılması ilə davam edib.