İQTİSADİYYAT
“Azərişıq” 6 yeni elektron xidməti istifadəyə verib
Bakı, 19 iyul, AZƏRTAC
“Azərişıq” ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə göstərdiyi xidmətləri onlayn platformaya inteqrasiya etməkdə davam edir. ASC-nin elektron xidmətlərinə daha 6 yeni xidmət əlavə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin IT Departamentinin direktoru Qalib Həmidov deyib.
O bildirib ki, əlavə olunan xidmətlərə borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu, əhali və qeyri-əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət, elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri, istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, yük hesabatının hesablanması daxildir. Bununla da “Azərişıq”ın təqdim etdiyi elektron xidmətlərin sayı 12-yə çatıb.
“İndiyədək mövcud olan elektron xidmətlərin siyahısına isə abonentin geniş tarixçəsinin verilməsi, Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirilməsi, əhali və qeyri-əhali abonentinin sayğac zədələnməsinin araşdırılması, enerji haqlarının internet vasitəsilə ödənilməsi, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri aiddir. Bunun üçün əhali və qeyri-əhali abonentləri “e-gov.az” və ya “e-service.azerishiq.az” portalı vasitəsilə müraciət edə bilərlər”, - deyə Q.Həmidov vurğulayıb.