“AZƏRNEFTYAĞ” NEFT EMALI ZAVODUNUN DİREKTORU RAMİZ MİRZƏYEVİN ÇIXIŞI
- Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli mərasim iştirakçıları!
Hörmətli xanımlar və cənablar!
Bu gün respublikamızın hər yerində yeni dərs ilinin başlanması, “Bilik günü” ilə əlaqədar tədbirlər keçirilir. Şagirdlər öz doğma məktəblərinə qovuşmaqdan, sevimli müəllimləri ilə görüşməkdən sevinc duyurlar.
Bu gün Heydər Əliyev adına liseydə keçirilən bu mərasim müəllim-şagird kollektivi üçün ikiqat bayramdır. Ona görə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünya standartlarına cavab verən liseydə “Bilik günü” bayramına təşrif buyurmasından sevincimizin həddi-hüdudu yoxdur.
Möhtərəm Prezident, gərgin iş rejiminizə baxmayaraq, vaxt tapıb bu tədbirdə iştirak etdiyinizə görə mərasim iştirakçıları, eyni zamanda, çoxminli neftayıranlar adından Sizə minnətdarlığımızı bildiririk.
1993-cü ilin ortalarına qədər, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulduğu, iqtisadiyyatımızın bərbad hala düşdüyü dövrdə, sənayenin, iqtisadiyyatın bir çox sahələri ilə yanaşı, təhsilimizə də böyük zərbə dəymişdi. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərliyə qayıtdıqdan sonra ictimai-siyasi sabitliyi təmin etmiş, iqtisadiyyat, sənayedə dönüş yaratmış, eyni zamanda, təhsilin inkişafı üçün də bir çox tədbirlər görməyə başlamışdır.
Məlumdur ki, yeni neft strategiyasının memarı və müəllifi ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda iqtisadiyyatın inkişaf yoluna çıxarılması üçün çox böyük işlər görmüşdür. Bunun davamı olaraq bu gün Heydər Əliyev siyasətinin davam etdirilməsində, onun ideyalarının həyata keçirilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətlərinin hamımız şahidiyik. Bunun bariz nümunəsi olan Heydər Əliyev adına liseyin dünya standartları səviyyəsində tikilib başa çatdırılması və təchizində onun nəzarətini və xüsusi tapşırıqlarını ayrıca vurğulamaq istəyirəm.
Yeni neft strategiyasının uğurlarından neftayıranlarla, bütün Azərbaycan xalqı ilə yanaşı, şagirdlər, uşaqlar da bəhrələnirlər. Hələ 1970-ci illərdə ulu öndərimiz Heydər Əliyev hazırda dayandığımız bu yerdə olarkən belə bir fikir söyləmişdi ki, Qaraşəhər gözəlləşəcək, burada ağaclar, güllər, çiçəklər əkiləcək, yaşayış binaları tikiləcəkdir.
Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bir çox sahələrlə yanaşı, neftayırma sənayesinə də xüsusi diqqət yetirmişdir. Belə ki, onun tapşırığı ilə neftayırma müəssisələrində müasir tələblərə cavab verən bir çox qurğular tikilmişdir. Neftayıranların sosial qayğılarına diqqətlə yanaşaraq, daim onların yaşayış tərzi ilə maraqlanmış və hazırda dayandığımız yerdə binaların tikilməsi üçün müvafiq tapşırıq vermişdi. Son beş ildə burada 876 mənzilli 15 bina tikilmişdir. Ümumi sahəsi 70 min kvadratmetr, yaşayış sahəsi isə 40 min kvadratmetr olan bu ərazidə müasir tələblərə cavab verən liseyin tikilməsi haqqında da müvafiq tapşırıq verilmişdi. Burada ilk binalar tikilib istifadəyə verilərkən unudulmaz Prezidentimiz neftayıranlara mənzillərin orderlərini və açarlarını şəxsən özü təqdim etmişdi.
Möhtərəm Heydər Əliyev bu yaşayış binalarının təhvil verilməsi mərasimində iki dəfə iştirak etmişdi və həmin görüşlərdəki çıxışlarında belə bir fikir söyləmişdi: “İnanın, mən bu gün çox sevinirəm. Mən özümü xoşbəxt hiss edirəm. Çünki o vaxtlar buralarda neft tullantıları ilə, çirkabla dolu Qaraşəhərdə, demək olar ki, müasir tələblərə cavab verən belə yaşayış binalarının tikintisi yox idi. İndi o vaxtlar mən arzuladığım fikrin bir daha şahidi oluram, burada da, Moskvada da işləyərkən arzularımın həyata keçdiyinin şahidi oluram. Qaraşəhərdən əlamət yoxdur. Burada ağaclar, güllər, çiçəklər əkilibdir. Hündür çoxmərtəbəli binalar tikilibdir və burada əhali çox yaxşı yaşayır”.
Doğrudan da, ulu öndərimizin arzuları həmişə həyata keçmişdir. Bir çox sahələrdə bu arzuların həyata keçməsi, gerçəkləşməsi özünün rəhbərliyi və iştirakı ilə olmuşdur.
Möhtərəm cənab Prezident!
Bu gün mərasimdə iştirak etdiyiniz Heydər Əliyev adına liseydə layihəyə görə bir növbədə 844, iki növbədə 1688 şagird oxuyacaqdır. Burada 32 sinif otağı, bir çox fənn kabinetləri, laboratoriyalar, iki idman salonu, süni örtüklü futbol, basketbol, voleybol meydançaları, 250 nəfərlik yeməkxana, tibb otağı və s. vardır. Liseyin tikintisinə və təchizatına 14 milyard 318 milyon manat, o cümlədən avadanlıq alınmasına 2 milyard 736 milyon manat vəsait xərclənmişdir.
Möhtərəm cənab Prezident, Sizə mərasim iştirakçıları və neftayıranlar adından bir daha “Xoş gəlmisiniz!” deyir, Sizə minnətdarlığımızı bildiririk. Diqqətinizə görə çox sağ olun.