“Azərreyl”in kapitanı: Yeni mövsümdə də titulumuzu qorumağa çalışacağıq
Bakı, 30 sentyabr, AZƏRTAC
“Ötən mövsümdən fərqli olaraq bu dəfə heyətimiz tamamilə yenilənib. Əvvəlki oyunçulardan, sadəcə, bir neçəsi komandada qalıb. Bunun bizə problem yaradacağını düşünmürəm. Əksinə, çıxışımıza müsbət təsir edəcəyinə inanıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında yeni mövsümə hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun kapitanı Aynur İmanova deyib.
Təcrübəli blokçu komandasının çempionluq şanslarını dəyərləndirib: “Azərbaycanın qadınlardan ibarət voleybol klubları ildən-ilə səviyyəsini artırır. Əlbəttə, biz də titulumuzu qoruyub saxlamağa çalışacağıq. Əminəm ki, bütün komandalar ölkə çempionu olmaq üçün əllərindən gələni edəcəklər. Heç vaxt onlar arasında seçim etmirəm. Rəqibin kimliyindən asılı olmayaraq, hər birinə ciddi yanaşırıq. Kimin çempion olacağını təxmin etmək çətindir. “Azərreyl” son illər qızıl medallara sahib çıxır. Digər klublar da bunu yaxşı bilir. Yenə də mübarizəni dayandırmayacağıq. Yeni mövsümdə hər kəsə uğurlar arzulayıram”.
A.İmanova komandanın yeni baş məşqçisi italiyalı Paolo Tofolinin taktikasına uyğunlaşmaqda problem yaşamadıqlarını vurğulayıb: “Hər şey qaydasındadır. O, iki həftədir bizimlədir. Tofolinin qurduğu sistemə adaptasiya olmağa çalışırıq. Məşqlərimiz davam edir. Hətta bir-birimizə tez uyğunlaşa bilməyimiz üçün yoldaşlıq oyunları da təşkil edilib. Həmçinin bu qarşılaşmalar yeni mövsümə hazırlıq məqsədi daşıyır”.
Qeyd edək ki, “Azərreyl” ötən mövsüm Yüksək Liqanın qalibi olub.