“Azersky” peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatının istifadəsinə həsr olunmuş seminar
Bakı, 22 aprel, AZƏRTAC
“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində aprelin 22-də yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı və kadastr məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib.
Səhmdar cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, seminarda “Azərkosmos”un və peykin istehsalçısı olan Fransanın “Airbus Defence and Space” şirkətinin mütəxəssisləri peykin texniki xüsusiyyətləri, peykdən əldə edilən təsvirlər vasitəsilə torpaqların effektiv istifadəsi, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, kadastr, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, rəqəmsal xəritəçəkmə və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər. Seminarda Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Bu ilin sonunadək planlaşdırılmış eynitipli növbəti seminarlar peyk təsvirlərinin müdafiə və təhlükəsizlik, neft və mədən sənayesi sahələrinə tətbiqi mövzularına həsr olunacaq.
Ötən il iyunun 30-da uğurla orbitə çıxarılmış “Azersky” peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır.