“Azərsu” ASC yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər keçirilib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də “Azərsu” ASC yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, seçki prosesi “Azərsu” ASC-nin “Facebook” səhifəsi vasitəsilə canlı yayımlanıb.
Qeyd edək ki, “Azərsu” ASC yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 16 nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərdən biri seçkidən əvvəl namizədliyini geri götürüb. Mayın 25-də keçirilən ilkin seçkilərdə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Cəfərova Mətanət Əsgər qızı və Milli QHT Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlu 50 faizdən çox səs topladıqlarına görə Seçki Komissiyasının qərarına əsasən, “Azərsu” ASC yanında İctimai Şuranın üzvü seçiliblər. Digər 9 üzvün seçilməsi üçün təkrar seçkilərin keçirilməsi qərara alınıb.
Təkrar səsvermədə vətəndaş cəmiyyəti institutlarının 13 nümayəndəsi mübarizə aparıb. Seçkilərdə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət 49 seçici iştirak edib. Qutudan çıxan bütün bülletenlər Seçki Komissiyasının üzvləri tərəfindən yoxlanılıb və 48 bülleten etibarlı hesab edilib.