AZSTANDART-ın nümayəndə heyəti Daşkəndə işgüzar səfər edib
Bakı, 21 oktyabr, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfər edib.
AZSTANDART-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Standartlar İnstitutunun 55 illik yubileyinə həsr olunmuş “Standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində innovativ ideya və inkişaf” yarmarkasında, o cümlədən “Davamlı tərəqqi üçün standartlaşdırma: beynəlxalq dialoq və innovativ həllər” Beynəlxalq elmi-texniki konfransında iştirak edib.
Bundan əlavə, AZSTANDART nümayəndələri MDB ölkələri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) Dövlətlərarası Texniki Komitələrin Əlaqələndirilməsi üzrə İşçi Qrupunun (РГ МТК) 14-cü iclasına, habelə Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın (НТКС) 68-ci müşavirəsinə qatılıblar.
“Davamlı tərəqqi üçün standartlaşdırma: Beynəlxalq dialoq və innovativ həllər” Beynəlxalq elmi-texniki konfransında AZSTANDART-ın baş direktoru İlham Bayramov “Azərbaycanda davamlı yaşıl inkişaf üçün standartlaşdırma” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı institutun ümumi fəaliyyətindən, həyata keçirilən davamlı yaşıl inkişaf, o cümlədən enerji menecment layihələrindən bəhs olunub.
Dövlətlərarası Texniki Komitələrin Əlaqələndirməsi üzrə işçi qrupunun 14-cü iclasında yeni dövlətlərarası texniki komitələrin (MTK) yaradılması, mövcud MTK-ların birləşdirilməsi, tətbiq sahələrinin genişləndirilməsi və digər məsələlər müzakirə edilib.
Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının 68-ci müşavirəsində PQ МТK-nın 14-cü iclasının nəticələri, MQC 2030: İnkişaf strategiyasının icra vəziyyəti, 2024-2025-ci illər üçün Dövlətlərarası Standartlaşdırma Proqramı, standartların kataloqlaşdırılması üzrə yeni işçi qrupun yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər çərçivəsində AZSTANDART-ın nümayəndələri Özbəkistan Texniki Tənzimləmə Agentliyinin rəhbər heyəti ilə də görüş keçirib. Görüşdə texniki tənzimləmə və standartlaşdırma sahələrində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.