AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu söyləyib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla, 613 Xocalı sakinini vəhşicəsinə qətlə yetirdiklərini deyib.
Xalıq Yahudov böyük və qəddar silahlı birləşməyə qarşı çıxaraq Xocalını və şəhərin strateji əhəmiyyətə malik olan aeroportunu müdafiə edən və bu qeyri-bərabər döyüşdə igidliklə həlak olan şəhidlərimizdən Milli Qəhrəman Hikmət Nəzərlinin və Elçin Quliyevin AZTU-nun məzunları olduğunu diqqətə çatdırıb. O dünyanın bir çox ölkəsində bu faciənin soyqırımı kimi tanındığını qeyd edərək, ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Xocalı faciəsinə zamanında hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyev tərəfindən bu qətliamın soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atıldığını bildirib.
AzTU-nun ictimai fənlər kafedrasının professoru Qabil Hüseynli faciənin tarixi və siyasi aspektlərinə diqqət çəkərək, Xocalı soyqırımının törədilməsində ermənilərin mənfur maraqlarından danışıb.
Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaşar Əliməmmədov və Xocalı sakini Mürvət Məmmədov XX əsrin ən dəhşətli faciələrindən olan bu insanlıq dramının canlı şahidi kimi həmin gecə baş verən zorakılıqlardan, cinayətlərdən danışıblar.