Bab əl Məndəb boğazı da bağlansa qlobal ticarət böhrana düşəcək
Bakı, 17 iyul, AZƏRTAC
İranın liman və nəqliyyat infrastrukturunun ABŞ tərəfindən bombalanmasına cavab olaraq Tehranın proksi qüvvələri Bab əl Məndəb boğazını bağlamağı düşünür.
AZƏRTAC xəbər verir ki, bu boğaz da bağlanacağı təqdirdə Cənub Şərqi Asiyadan Avropaya və əks istiqamətə hərəkət edən yük gəmiləri, o cümlədən neftdaşıyan tankerlər Süveyş kanalından istifadə edə bilməyəcək. Gəmilər Afrika qitəsini dolanaraq Avropaya gedə bilər ki, bu da gəmilərin 2 ay açıq dənizdə üzməsi və yüklərin mənzilbaşına olduqca gec çatması deməkdir.
Lakin məsələ təkcə yüklərin gec çatmasında deyil. Nəqliyyat və sığorta xərclərinin də artması istehlak mallarının qiymətinin bahalaşması və inflyasiya səviyyəsinin artmasına gətirib çıxaracaq.
“The Telegraph” yazır ki, Yəmən husiləri pilotsuz uçan aparatlardan (PUA) istifadə edərək boğazın hər iki sahilini nəzarətdə saxlaya bilər. Hörmüz boğazının ardınca Bab əl Məndəb boğazının da bağlanması qlobal ticarətə böyük problem yaradacaq.
Təbii ki, ilk növbədə onsuz da bahalaşmaqda davam edən neftin qiyməti daha da artacaq. İranın məqsədi də elə dünya bazarında ajiotaj yaradıb, ABŞ-yə təzyiq göstərməkdən ibarətdir.
Qırmızı dənizdən açıq okeana çıxışı təmin edən Bab əl Məndəb boğazı bütün Yaxın Şərqi dünyanın digər hissəsi ilə birləşdirən bir məntəqədir. Hörmüz boğazında yaranan problemdən sonra istər Yaxın Şərq, istərsə də neft idxal edən Avropa dövlətləri bu boğaza ümid yeri kimi baxırdı. İran isə hərbi əməliyyatların davam edəcəyi təqdirdə boğazı bağlamaqla hədələyir.